ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri Qaxda uğurlu tədqiqat işləri aparıblar
Bakı, 24 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun ekobotanika və sistematika şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov və şöbənin əməkdaşları Qax rayonu, o cümlədən İlisu Dövlət Təbiət Qoruğu ərazisində tədqiqat işləri aparıblar.
AMEA Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədqiqatlar zamanı qoruğun bitki örtüyü, onun floristik tərkibi öyrənilib, zəngin herbari, toxum və digər rüşeym plazması materialları toplanılıb, Azərbaycanın “Qırmızı kitab”ına düşən nadir və nəsli kəsilməkdə olan bitkilərin populyasiyalarının vəziyyəti, ekobotaniki xüsusiyyətləri haqqında məlumatlar əldə edilib.
Meşə, subalp və alp qurşaqlarında aparılan tədqiqatlarda bu qurşaqlara aid bir sıra növlərin arealları dəqiqləşdirilib, Medicago, vicia, lathyrus, lotus, coronilla, trifolium, subalp elementləri olan gentiana, senecio, heracleum, onosma, lappula, centaurea, chenopodium, astragalus, hordeum, bromus, orthurus, asplenium, polypodium, campanula, qiymətli dərman bitkilərindən origanum, hypericum, thymus, digitalis, stachys, salvia, verbascum cinslərinə aid herbari nümunələri toplanıb.
Qeyd edilən herbari materialları institutun herbari fonduna, toxum materialları Milli Genbanka və artırılmaq üçün müvafiq laboratoriyalara veriləcək.