ELM VƏ TƏHSİL
Geologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 22 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) “Geoinformatika: Nəzəri və tətbiqi aspektlər” mövzusunda keçirdiyi 12-ci Beynəlxalq konfransda iştirak etmişdir.
Geologiya İnstitutunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda Azərbaycan aliminin “Mühitin petrofiziki xüsusiyyətlərinin öyrənilməsində klaster təhlilinin tətbiqi” mövzusunda elmi məruzəsi dinlənilmişdir.
Konfransdan sonra, H.Quliyev UMEA-nın Geofizika İnstitutunun direktoru, akademik Vitali Starostenko və direktor müavini Aleksandr Kendzera ilə görüşmüşdür.
Görüşdə AMEA-nın Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi ilə UMEA arasında elmi əməkdaşlıq əlaqələrini genişləndirmək imkanları müzakirə edilmişdir.
H.Quliyev UMEA-nın Mexanika İnstitutu və Kiyev Milli Universitetinin rəsmiləri ilə də əməkdaşlıq barədə söhbətlər aparmış, Çex Respublikasının Elmlər Akademiyasının Süxur Strukturu və Mexanikası İnstitutu, Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutunun və İvano-Frankovsk Milli Neft və Qaz Texniki Universitetinin nümayəndələri ilə də birgə tədqiqatlar aparmaq bərədə razılıq əldə olunmuşdur.