ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutunda yeni nəşrlər hazırlanır
Bakı, 16 mart, AZƏRTAC
Geologiya və Geofizika İnstitutunda “Nəzəri və tətbiqi geologiya kursu” nəşrlərinin hazırlanmasına başlanılıb. Məqsəd gənc nəsil tərəfindən nəzəri və tətbiqi biliklərin əldə edilməsinin, mənimsənilməsinin, gənc alim kadrların hazırlanmasının səmərəliliyini artırmaqdır.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institut rəhbərliyinin ideyası və rəhbərliyi ilə reallaşan bu kitabların geologiyanın 11 istiqamətini əhatə edəcəyi planlaşdırılır. Artıq iki nəşr “Karbohidrogen sistemləri”, “Neft və qazın birbaşa geofiziki və geokimyəvi axtarış üsulları” çapdan çıxıb.
“Karbohidrogen sistemləri” nəşrinin müəllifi akademik Əkpər Feyzullayevdir. Dərs vəsaitində karbohidrogen sistemlərinə daxil olan, neft və qaz yataqlarının əmələ gəlməsi, saxlanılması üçün zəruri bütün geoloji element və proseslərə qısaca baxılıb. Bu vəsait “Neft və qazın geologiya və geokimyası” tədris kursu üzrə magistrantlar və doktorantlar üçün nəzərdə tutulub. Kursun mənimsənilməsi zamanı əldə edilən biliklər neft və qazın ontogenezi haqqında bütövlükdə təsəvvür yaradacaq, nəticədə tədqiq olunan hövzənin karbohidrogen potensialının qiymətləndirilməsi, eləcə də neft-qaz axtarışının perspektivli istiqamətlərinin müəyyən edilməsi üçün əsas yaradacaq.
“Neft və qazın birbaşa geofiziki və geokimyəvi axtarış üsulları” dərs vəsaiti neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları, geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları ixtisaslarının vacib tərkib hissəsi olan Neft və qazın birbaşa geokimyəvi və geofiziki axtarış üsulları fənninə aiddir. Bu nəşr fənnin inkişaf tarixi, mahiyyəti, məqsədi və karbohidrogenlərin təsir zonasında geoloji mühitin geokimyəvi, geofiziki xüsusiyyətləri haqqında qısa, eyni zamanda, kifayət qədər dolğun məlumatların əldə edilməsində tələbələrə kömək edəcək.
Hazırda institutda “Nəzəri və tətbiqi geologiya kursu”nun digər 9 istiqaməti üzrə dərs vəsaitlərinin hazırlanması davam etdirilir.