İQTİSADİYYAT
Gömrük nəzarətinin təşkili işində yeni texnoloji sxem tətbiq edilmişdir
Bakı, 3 mart (AZƏRTAC). Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında malların üzərində gömrük rəsmiləşdirilməsinin aparılması üzrə müraciət qaydaları və qeydiyyat məsələlərini tənzimləyən yeni texnoloji sxemin tətbiqinə başlamışdır. Məqsəd gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın, eyni zamanda, istər ölkə, istərsə də əcnəbi vətəndaşlara göstərilən gömrük xidmətinin keyfiyyətinin artırılması və onların rahatlığının təmin edilməsidir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev Heydər Əliyev Beynəlxalq Hava Limanı üzrə gömrük nəzarəti zonasında quraşdırılan “e-gömrük bəyannaməsi - elektron gömrük xidməti” informasiya köşklərindən istifadə etməklə dəyərli vaxtlarına qənaət etmiş olurlar. Bunun üçün gömrük bəyannaməsini doldurmaq, çap etmək və sərhəddəki gömrük əməkdaşına təqdim etmək lazımdır.
Bundan başqa sözügedən hava limanında sərnişinlər uçuş-minik qeydiyyatı zonasına birbaşa daxil olur, burada qeydiyyatdan keçir və baqaj yüklərini təhvil verirlər. Həmin yüklər isə sərnişin və gömrük əməkdaşları arasında təmas olmadan gömrük baxışından keçirilir və təyyarələrə daşınır.