MƏDƏNİYYƏT
“GOOGLE” EARTH-DƏ BAKININ ÜÇÖLÇÜLÜ TƏSVİRLƏRİNİ YERLƏŞDİRMİŞDİR
Bakı, 2 iyun (AZƏRTAC). “Google” şirkətinin bir qədər əvvəl dünya şəhərlərinin təsvirlərini 3D formatına çevrilməsinə başlayan Google Earth servisi artıq Azərbaycana gəlmişdir.
ABŞ-ın Nyu-York şəhərindəki binaların təsvirinin 3D formatında işlənib hazırlanmasını həyata keçirən tərtibatçılar Azərbaycan paytaxtı Bakının da müvafiq görüntülərinin hazırlanmasına başlamışlar.
Proqramın bir qədər bundan əvvəlki yenilənməsindən sonra artıq bəzi obyektlərə 3D formatında baxmaq mümkündür. Bunların arasında Bakının televiziya qülləsi, Hökumət Evi, Azərbaycan Mərkəzi Bankı, dənizkənarı Milli Parkda quraşdırılmış Azərbaycan bayrağı və məşhur Qız Qalası yer almışdır.
Sadalanan bütün bu tikililərin üçölçülü təsvirləri hazırlanmışdır. Hazırda onlar olduqca real görünür.
3D formatına çevrilmiş bu təsvirlərin birinə daxil olmaqla həmin bina haqqında ətraflı məlumat almaq, fotoşəkillərə baxmaq, binanı əhatə edən küçələr və s. barədə maraqlı informasiya əldə etmək olar.
“Google”nin belə sürətini nəzərə alsaq çox güman ki, artıq yaxın gələcəkdə bütün Azərbaycana 3D təsvirdə baxmaq mümkün olacaqdır.