MƏDƏNİYYƏT
Goranboylu şagirdlər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyadan məmnundurlar
Goranboy, 31 avqust (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində bu dəfə goranboylu məktəblilər Şəki-Qəbələ-İsmayıllı marşrutu ilə ekskursiyaya yola düşüblər. AZƏRTAC xəbər verir ki, avqustun 31-də bu münasibətlə keçirilən tədbirdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev, qrup rəhbəri, rayon təhsil şöbəsinin metodisti Ülviyyə Qəmbərova çıxış edərək ilk dəfə goranboylu şagirdlərin respublikamızın dilbər guşələrindən olan Şəki, Qəbələ və İsmayıllı rayonlarına yola düşdüklərini bildiriblər. Dörd gün davam edəcək tur-aksiya zamanı onlar bölgənin tarixi abidələri, görməli yerləri, eləcə də Qəbələdəki məşhur “Beltmann” piano fabriki, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə yaxından tanış olacaq, dünya şöhrətli Şəki Xan sarayını öz gözləri ilə görəcəklər. Bütün bunlar isə məktəblilərdə Vətənimizin bir bölgəsi haqqında xoş təəssürat yaradacaq.
Goranboy rayon 1 nömrəli orta məktəbin X sinif şagirdi Ələddin Hadıyev öz sevincini belə ifadə edib: “Böyük tarixi keçmişi olan Azərbaycan nəinki qədim abidələri, zəngin maddi-mədəniyyət nümunələri, eləcə də əsrarəngiz təbiəti ilə də məşhurdur. Yola düşdüyümüz Şəki, Qəbələ və İsmayıllı rayonları da belə bölgələrimizdəndir. Biz orada Heydər Əliyev mərkəzlərinə, tarix-diyarşünaslıq muzeylərinə, qədim abidələrə baxacaq, bölgə haqqında bildiklərimizi daha da zənginləşdirəcəyik. Buna görə dövlətimizin başçısına minnətdarıq. Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən bu aksiyada fəal olmağa çalışacağıq”.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobuslarla Şəki-Qəbələ-İsmayıllı marşrutu üzrə yola düşüblər.