MƏDƏNİYYƏT
Görkəmli Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar videoçarx hazırlanıb
Bakı, 26 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı görkəmli Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Əhməd Cavadın romantik ruhlu realist şeirlər müəllifi kimi tanındığı qeyd edilib. Diqqətə çatdırılıb ki, şairin bədii dili xalq dilinə, koloritinə, aşıq şeiri üslubuna və ənənələrinə əsaslanıb. Ə.Cavad Dövlət Himnimizin mətninin müəllifidir. Şairin yaradıcılığına yüksək qiymət verən Azərbaycan Demokratik Cümhuriyyətinin bani¬si Məmməd Əmin Rəsulzadə yazıb ki, "Əhməd Cavad daha ziyadə heca vəzni ilə lirik parçalar yazır və bu, lirizmə, eyni zamanda, milli kolorit qatır”.
Videoçarxda, həmçinin vurğulanıb ki, Ə.Cavad 1918-1920-ci illərdə, 26-28 yaşlarında Azərbaycan milli istiqlalının yorulmaz təbliğatçısı olub. Onun poeziyasının güclü ideyası azadlıq və istiqlalla bağlı olub. Şeirləri əsasən azadlığa həsr edilib.