GÖRKƏMLİ YAZIÇI, ALİM VƏ PEDAQOQ MİR CƏLALIN YUBİLEYİ QEYD OUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında görkəmli yazıçı, ədəbiyyatşünas alim, əməkdar elm xadimi Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyi qeyd olunmuşdur.
Tədbirdə vurğulanmışdır ki, XX əsr Azərbaycan ədəbi-bədii fikrinin formalaşmasında, məzmunca zənginləşməsində Mir Cəlal Paşayevin danılmaz xidmətləri olmuşdur. Onun “Bir gəncin manifesti” əsərindəki bir epizod xüsusi diqqətə çatdırılmışdır: gərgin maddi ehtiyac içərisində və ağır vəziyyətdə yaşayan ana öz əli ilə toxuduğu xalçanı satmaq məcburiyyətində qalır. Bir nəfər əcnəbi həmin xalçanı almaq istəyir. Ana onu başından eləmək üçün xalçanı olduqca baha qiymətə deyir. Lakin görəndə ki, həmin adam onu yenə almaq istəyir, onda qadın xalçanı satmadığını bildirir. Səbəbini soruşanda ananın cavabı qəti olur: “İtə ataram, yada satmaram”. Ananın bu cavabı vətənpərvərlik nümunəsi kimi bu gün də dillər əzbəridir.
Qeyd edilmişdir ki, xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini uğurla ədəbiyyata gətirmiş M.C.Paşayev eyni zamanda görkəmli ədəbiyyatşünas alim olmuşdur. Onun “Füzuli sənətkarlığı”, “Füzulinin poetik xüsusiyyətləri”, XX əsr Azərbaycan ədəbiyyatı barədə tədqiqatları indi də öz əhəmiyyətini itirməmişdir. Natiqlər yubilyarın pedaqoji fəaliyyətindən, Azərbaycan Dövlət Universitetində gənc elmi kadrların hazırlanmasındakı xidmətlərindən də ətraflı söz açmışlar.
Ədliyyə Akademiyasının, Akademiyada ixtisasartırma kursunda təhsil alan Ədliyyə Nazirliyi Tibb Baş idarəsi əməkdaşlarının da iştirak etdikləri tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, vaxtilə böyük ədibdən dərs almış Nizami Cəfərov müəllimi ilə qürur duyduğunu bildirmiş, onunla bağlı xatirələrini iştirakçılarla bölüşmüşdür.