ELM VƏ TƏHSİL
Göyçayda daha iki yeni məktəb binası tikilir
Göyçay, 18 iyul (AZƏRTAC). Göyçay rayonunda orta məktəblər üçün yeni binaların inşası və mövcud binaların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür.
AZƏRTAC xəbər verir ki, dövlət vəsaiti hesabına hazırda rayonun Müskürlü kəndində 180, Qəbələ-Müskürlü kəndində isə 80 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir. Hər iki məktəbin inşasına bu ilin yanvarında başlanılıb, hazırda binaların daxilində və fasad hissəsində işlər görülür. Hər iki təhsil ocağının növbəti dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan əlavə, rayonun Alıkənd kəndində tikiləcək 80 şagird yerlik yeni məktəb binasının layihə-smeta sənədləri hazırlanıb və yaxın vaxtlarda inşaat işlərinə başlanılacaq.
Qeyd edək ki, ötən il rayonun Ulaşlı-Şıxlı kəndində 220, Şəkili kəndində 80 şagird yerlik yeni məktəb binaları və Göyçay şəhər 1 saylı uşaq bağçasının yeni binası istifadəyə verilib.
Son illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçayda 12 yeni məktəb binası tikilib, 9 təhsil ocağı isə əsaslı şəkildə yenidən qurulub.