İDMAN
Göyçayda idmanla məşğul olan 3.250 gəncdən 576-sı medal qazanmışdır
Göyçay, 27 dekabr (AZƏRTAC). Göyçay Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman ili”nin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər ölkə idmanında əldə olunan nailiyyətlərdən bəhs etmişlər. 2012-ci il “İdman ili”ndə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlar, ölkəmizdə idmançılara yaradılan yüksək şəraitin əhəmiyyəti vurğulanmışdır. Bu il Göyçay gənclərinin sağlamlığının qorunması, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, Göyçayda idmanla məşğul olan 3.250 gənc cari ildə Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq rayonda, paytaxtda və ölkənin digər bölgələrində, eləcə də xarici ölkələrdə keçirilən 79 idman yarışında iştirak etmişdir. Həmin idmançılardan 576-sı qızıl, gümüş və bürünc medallar qazanmışdır. Həmçinin rayonun şahmatçı və güləşçilərindən 54 nəfəri müxtəlif turnirlərdə yüksək səviyyədə çıxış edərək birinci dərəcə normasını ödəmişdir.
Məlumat verilmişdir ki, hazırda rayonda 20 mindən artıq gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Hazırda rayonda bir olimpiya idman kompleksi, bir kompleks idman qurğusu, iki stadion, 32 idman zalı, 128 sadə idman meydançası, bir üzgüçülük hovuzu, 3 trenajor zalı, bir idman klubu, 3 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir.
Sonda idmançılara fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.