MƏDƏNİYYƏT
GÖYÇAYDA XALQ ŞAİRİ RƏSUL RZANIN EV-MUZEYİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Göyçay, 15 may (AZƏRTAC). Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyi əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Xalq Şairi Fikrət Qoca bu ev-muzeyin, yeni mədəniyyət ocağının, poeziya evinin istifadəyə verilməsi münasibətilə ədəbiyyatsevərləri təbrik etmişlər.
Əsaslı təmirdən sonra istifadəyə verilən muzeydə 700-ə yaxın eksponat, o cümlədən xalq şairi Rəsul Rzanın fotoşəkilləri və rəsm əsərləri, kitabları, diplom və mükafatları, tar, ov tüfəngi, piano, çap makinası və digər şəxsi əşyaları qorunur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ev-muzeyin 18 May - Beynəlxalq Muzeylər Günü ərəfəsində istifadəyə verilməsini əlamətdar hadisə adlandırmışdır.
Rəsul Rzanın ev-muzeyində müxtəlif görüşlər, yubley tədbirləri, habelə məktəblilərə ədəbiyyat dərslərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. 1933-cü ildə inşa edilən, ümumi sahəsi 150 kvadratmetr olan 5 otaqlı evin tavanı, döşəməsi, qapı-pəncərələri, dam örtüyü, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuşdur. Ev-muzeyin həyətyanı sahəsində müxtəlif növ meyvə ağacları əkilmiş, abadlıq işləri aparılmışdır. Muzeyin qarşısında xalq şairi Rəsul Rzanın büstü qoyulmuşdur.
Tədbirdə nazir Əbülfəs Qarayevə, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədova, ev-muzeyin direktoru Solmaz Həsənovaya, rejissor Əhliman Qafarova və heykəltəraş Azad Zeynalova Beynəlxalq Rəsul Rza mükafatı təqdim olunmuşdur.
Binada əsaslı təmir və bərpa işlərini “İnşaat-İ” MMC həyata
keçirmişdir.