CƏMİYYƏT
Göygöldə dini maarifləndirmə işinin təşkili ilə bağlı ikigünlük seminar-treninq işə başlayıb
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Göygöl Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı B.Rəsulov mövzunun əhəmiyyətindən danışıb. Natiq, eyni zamanda, rayonda mövcud olan dini durum barədə ətraflı məlumat verib.
Sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi və dini durum sabitdir. Bütün dinlərin və xalqların nümayəndələri multikultural və tolerantlıq dəyərlərinə sadiq olan ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmində münaqişələrin təşkil etdiyini qeyd edən DQİDK-nın sədr müavini respublikamızda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib.
Gündüz İsmayılov, eyni zamanda, Azərbaycanın zəngin multikultural mühitinə əsas təhlükə törədən potensial və real təhdidlərə diqqət çəkərək, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən də bəhs edib. O vurğulayıb ki, məzhəb müxtəlifliyi şəraitində multikultural cəmiyyətlərdə, xüsusilə İslam dininə mənsub toplumlarda ənənəvi İslamın zəifləməsi fonunda xarici təsirlərin güclənməsi prosesi gedir. Dini radikalizmin güclənməsi dinin siyasiləşdirilməsinə, tolerantlığın zəifləməsi ilə məzhəbçiliyin güclənməsinə, cəmiyyətdə qütbləşmənin və sosial təbəqələşmənin yaranmasına aparıb çıxarır.
Dövlət Komitəsinin sədr müavini sonda gənclərin müəyyən bilgilərə yiyələnmələrinin, həmçinin onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ətrafında danışaraq zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub.
Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Hüseynov ulu öndər Heydər Əliyevin dinə göstərdiyi qayğıdan bəhs edərək bu uzaqgörən siyasətin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə dini konfessiyalara fərq qoyulmadan dini ibadətgahların təmir və bərpa olunması tolerantlığın dövlət siyasətinə çevrilməsinin bariz göstəricisidir.
Çıxış edən digər natiqlər də mövzu ətrafında fikirlərini bölüşüblər.
Seminar-treninqin birinci günü dini radikalizmə qarşı birgə mübarizənin vacibliyi və milli mənəvi dəyərlərimizin qorunması, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.