DÜNYA
Güclü qar Tbilisi-Qırmızı Körpü mərkəzi yolunda avtomobillərin hərəkətində problem yaratmışdır
Tbilisi, 1 fevral (AZƏRTAC). Son günlər Gürcüstanda fasiləsiz yağan qar ölkənin həyatında ciddi problemlərə səbəb olmuşdur.
Güclü qar Tbilisi-Qırmızı Körpü mərkəzi avtomobil yolunda nəqliyyatın hərəkətində problem yaratmış, yolun 27 kilometr sahəsinə texniki duz səpildikdən sonra hərəkət bərpa olunmuşdur.
Ölkənin qərbində güclü qar yüksək gərginlikli 9 elektrik ötürücü xəttini zədələmiş, nəticədə 70 mindən çox abonentə elektrik enerjisi verilişi dayandırılmışdır.
Fevralın 1-də “Enerqo-pro-Corcia” şirkətindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində 60 min abonentə elektrik enerjisi verilişi bərpa olunmuşdur. Daha 10 mindən çox abonentə isə havalar imkan verən kimi elektrik enerjisi verilişi bərpa ediləcəkdir.
Hazırda ölkənin qərbində qarın hündürlüyü bir metrdən çoxdur. Gürcüstan-Rusiya mərkəzi yolunda da avtomobillərin hərəkəti dayandırılmışdır. Ermənistandan Rusiyaya gedən 30-dan çox avtomobil artıq yeddinci gündür ki, Duşeti rayonunda dayanmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi