DÜNYA
Gürcüstanda 672 məktəb və 1000-ə yaxın sinif distant təhsil sisteminə keçib
![Gürcüstanda 672 məktəb və 1000-ə yaxın sinif distant təhsil sisteminə keçib](/files/2022/1/1200x630/1644053204312757027_1200x630.jpg)
Tbilisi, 5 fevral, AZƏRTAC
Hazırda Gürcüstanda fəaliyyət göstərən 2085 publik və 217 dövlət məktəbindən 672-si tam distant təhsil sisteminə keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilir ki, risk qrupuna daxil olan 146 müəllim koronavirusun yayılmasının qarşısını almaq üçün təhsilin məsafədən təşkili barədə məsələ qaldırıb. Hazırda minə yaxın sinif də məsafədən təhsil sisteminə keçib.
Məlumatda deyilir ki, son həftə ərzində müəllimlərin 5,8 faizi, şagirdlərin isə 2,1 faizi koronavirusa yoluxub.
Qeyd edək ki, son sutkada Gürcüstanda daha 23 134 nəfər koronavirusa yoluxub, 33 pasiyent pandemiyanın qurbanı olub.
Bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 295 505-ə, sağalanların sayı 1 071 560-a, bu virusdan ölənlərin sayı isə 15 174-ə çatıb.
Hazırda Gürcüstanda 208 745 aktiv koronavirus xəstəsi var, onların da 5 840-ı xəstəxanalarda, 200 951 nəfəri evdə müalicə olunur.
Bundan başqa, 1954 nəfər COVID otellərdə, 51 nəfər karantin rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi