DÜNYA
Gürcüstanda qumar oyunları ilə bağlı qanunun icrasına nəzarət gücləndirilib
Tbilisi, 20 aprel, AZƏRTAC
Gürcüstanda qumar oyunları ilə bağlı qanunun icrasına nəzarət gücləndirilib.
AZƏRTAC xəbər verir ki, martın 1-dən qüvvəyə minən qanuna əsasən, Gürcüstanda yaşı 25-dən az olan şəxslər, habelə sosial təminatı az olan insanlar, siyasətçilər və dövlət qulluqçularının qumar oyunlarında iştirakı qadağandır.
Qanunun icrasına nəzarət tədbirləri nəticəsində martın 1-dən bu günədək qumar oyununda iştirak edən 500 nəfərdən çox insan aşkarlanıb.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Xidmət departamentinin rəhbəri Levan Dqebuadze bildirib ki, qumar oyunlarına nəzarət sisteminin elektron formasının təşkilatçısı hər bir fərdin məlumatlarını xidmətə göndərir. Bu yolla həmin adamın “qara siyahıda” olub-olmadığı təsdiqlənir və bunun əsasında məlumatlar müqayisə edilir.
Gürcüstanın “Analar qumar oyunlarına qarşı” qeyri-hökumət təşkilatının yaydığı məlumatda bildirilir ki, artıq xeyli sayda insan yeni qanunun qüvvəyə minməsini alqışlayır. Artıq yüzlərlə gəncin qumar oyunlarında iştirakının qarşısı alınıb. Lakin bununla belə, qumar oyunlarının təşkilatçıları insanları müxtəlif yollarla oyunlara cəlb etməyə nail ola bilirlər.
Qeyd edək ki, Gürcüstanda qumar oyunları ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə bağlı ilk təklif baş nazir İrakli Qaribaşvilidən gəlib. Onun sözlərinə görə, hər il onlayn kazinolar vasitəsilə Gürcüstandan 1,5 milyard lari çıxarılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi