MƏDƏNİYYƏT
Gürcüstanın “Erisioni” mahnı və rəqs ansamblı şux və oynaq rəqsləri ilə tamaşaçıları valeh etmişdir
Şəki, 4 iyul (AZƏRTAC). Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, festivalın proqramına uyğun olaraq, iyulun 3-də Şəki şəhərindəki yeni bərpa olunmuş XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində Gürcüstanın məşhur “Erisioni” akademik folklor mahnı və rəqs ansamblının konserti olmuşdur.
Əsası 1885-ci ildə görkəmli gürcü ədibi, maarifçisi və mütəfəkkiri İlya Çavçavadzenin təşəbbüsü ilə qoyulmuş “Erisioni” ansamblını “folklor muzeyi” də adlandırırlar. Ansambl mövcud olduğu müddətdə dünyanın bir çox ölkəsində gürcü folklorunu böyük uğurla nümayiş etdirmişdir. 1999-cu ildə amerikalı prodüsser Cim Lou və fransız Paskal Jordan gürcü ansamblı ilə maraqlanaraq bu musiqi kollektivinin iştirakı ilə nadir şounun yaradılmasına nail olmuşlar. Ansamblın ifasında “Tamara haqqında əfsanə” adlı şou əvvəlcə ABŞ-da, sonra isə “Gürcü əfsanəsi” adı altında Fransada, Belçikada və İsveçrədə nümayiş etdirilmişdir. Bundan əlavə, ansambl Asiyada tamaşaçılara “Tufan haqqında əfsanə”, Moskvada “Günəşli Gürcüstan haqqında nağıl”, Kiyevdə isə “Gürcü xəzinəsi” adlı müxtəlif şoular təqdim etmişdir.
Hazırda ansamblın heyətində müxtəlif nəsillərdən olan yüzə yaxın artist çalışır. Ansamblın bədii rəhbəri Gürcüstan Xalq Artisti, Dövlət və Şota Rustaveli mükafatları laureatı Camal Çkuaşeli, baş xoreoqrafı Xalq Artisti, Dövlət və Ş.Rustaveli mükafatları laureatı Revaz Çoxonelidzedir.
Kollektivin yüksək peşəkarlıqla ifa etdiyi şux və oynaq rəqslər, gürcü xorunun bənzərsiz ifası, balaca nağaraçıların məharəti, teatrlaşdırılmış musiqili kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirdə festivala dəvət almış xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.