HAAQA TRİBUNALI SABİQ PROKURORUN İTTİHAMLARINI TƏSDİQ ETMƏMİŞDİR
Haaqa tribunalının prokurorları və BMT-nin Kosovadakı missiyasının (UNMİK) nümayəndələri keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın sabiq prokuroru Karla del Pontenin kitabında irəli sürülən ittihamların sübutlarını aşkar etməmişlər.
Tribunalın prokurorları və UNMİK nümayəndələri del Pontenin kitabında adı çəkilən Albaniya vilayətlərinin birində olmuş və orada ilkin təhqiqat aparmışlar. Lakin Beynəlxalq Tribunalın sabiq prokurorunun verdiyi məlumatları təsdiqləyən hər hansı dəlil aşkar etmək mümkün olmamışdır. İş üzrə təhqiqatın davam etdirilməsi üçün əsaslar da tapılmamışdır.
Xatırladaq ki, del Ponte 2008-ci il aprelin əvvəllərində çapdan çıxmış “Ov: mən və hərbi canilər” adlı kitabında öz mülahizələrinə görə serblərin oğurlanmasında iştirak etmiş Kosovo albanlarının adlarını çəkir. Del Ponte iddia edir ki, Kosovo azadlıq ordusunun səhra komandiri, Kosovonun sabiq Baş naziri Ramuş Haradinay və indiki Baş nazir Haşim Taçinin bu məsələlərə bilavasitə aidiyyəti vardır. Del Ponte bu məlumatın mənbələrini açıqlamamışdır.
Del Pontenin memuarlarının dərc edilməsi Serbiya kütləvi informasiya vasitələrində geniş rezonansa səbəb olmuşdur. Bəzi ölkələr Haaqaya del Pontenin kitabında şərh edilən faktların təhqiqatı barədə hesabat verilməsinə dair tələblər göndərmişlər.
Xatırladaq ki, Haaqa Tribunalı del Pontenin serblərin oğurlanmasında ittiham etdiyi Ramuş Haradinaya 2008-ci il aprelin əvvəlində bəraət vermişdir. Səhra komandiri və onun bir neçə silahdaşı hərbi cinayətlər törətməkdə təqsirli hesab edilməmişlər.