REGİONLAR
Həmkarlar təşkilatları xətti ilə cari ildə 100 min vətəndaşa istirahət etmək imkanı yaradılıb
Qusar, 26 avqust (AZƏRTAC, Elxan Yusifli). Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri (AHİK), Milli Məclisin deputatı Səttar Mehbalıyev Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən Təhsil İstirahət Mərkəzinə baxış keçirib, burada dincələn vətəndaşlarla və xidmət heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, AHİK-nın sədri Səttar Mehbalıyev istirahət mərkəzində dincələn təhsil işçiləri ilə səmimi söhbət edib. Görüş zamanı vətəndaşların istirahət mərkəzində yaradılan şəraitlə bağlı fikirləri dinlənilib, onların təklifləri qeydə alınıb .
Daha sonra görüş iştirakçıları birlikdə istirahət mərkəzində xidməti şəraitin vəziyyəti ilə yaxından tanış olublar.
AHİK-nın sədri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında bildirib ki, cari ildə həmkarlar təşkilatları xətti ilə 100 min vətəndaşımız üçün Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı yaradılıb. Bu vətəndaşlar xidmət haqqının cəmi 15 faizini ödəməklə həm AHİK-nın balansındakı, həm də özəl istirahət mərkəzlərində, sanatoriyalarda yüksək səviyyədə dincəlir. Diqqətə çatdırılıb ki, yüksək dövlət qayğısı nəticəsində AHİK-nın balansındakı bütün istirahət mərkəzləri yenidən qurulub, istirahət üçün hər bir şərait yaradılıb. Hazırda Tibb İşçiləri Respublika Həmkarlar Təşkilatının və Mədəniyyət İşçiləri Respublika Həmkarlar Təşkilatının istirahət mərkəzlərinin tikilməsi istiqamətində iş aparılır.