SİYASƏT
Hər bir azərbaycanlının dövlət rəmzlərimizi tanıması və onu qoruması ən ümdə vətəndaşlıq vəzifəsidir
Sumqayıt, 9 iyul (AZƏRTAC). Sumqayıtda “Ürəyimizdəki Vətən sevgisi” adlı layihə çərçivəsində şəhərin yeniyetmə və gənclərinin iştirakı ilə disput keçirilmişdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər gənclər və idman baş idarəsinin təşkilati dəstəyi ilə reallaşdırılır.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin sədaları altında dövlətçilik atributlarımızı təbliğ edən qısametrajlı videoçarxa baxış ilə başlamışdır.
Layihənin rəhbəri Pərviz Əlimuradov layihənin məqsəd, vəzifələri və gözlənilən nəticələri barədə geniş məlumat vermişdir. O, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə respublikanın şəhər və rayonlarında bayraq meydanlarının yaradılmasının dövlət rəmzlərinin təbliğində təqdirəlayiq hal kimi vurğulamışdır. Hər bir vətəndaşımızın dövlət rəmzlərimizi tanıması və onu qorumasının ümdə vətəndaşlıq vəzifələrindən olduğu bildirilmişdir.
Disputda çıxış edənlər əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət rəmzlərinin təbliği siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar. Gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi, onların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində əməli işlərin görüldüyü qeyd edilmişdir.
Disputda müxtəlif sahələri təmsil edən ictimai fəal yeniyetmə və gənclərin iştirak etməsi sözügedən mövzu ətrafında fikir mübadiləsini daha da genişləndirmiş və iştirakçıların dövlət rəmzlərimizin təbliği istiqamətində fikirləri dinlənilmişdir.
Sonda disput iştirakçılarına masaüstü dövlət bayraqları, dövlət rəmzlərimiz haqqında məlumatları özündə əks etdirən broşür və bukletlər təqdim edilmişdir.