REGİONLAR
Həyata göz açan hər körpə dünyaya ümid, sevinc və sevgi gətirir
Azərbaycanda əhalinin sayının 10 milyona çatması Qəbələdə böyük sevinclə qarşılanıb
Qəbələ, 9 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Qəbələ rayonunda da böyük sevinc hissi ilə qarşılanıb. Qəbələlilər bu əlamətdar hadisəni bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Rayon Mədəniyyət Mərkəzində təşkil olunan bayram tədbirində Azərbaycanda aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə dayanıqlı inkişafın təmin edildiyi, müsbət demoqrafik şəraitin bərqərar olduğu bildirilib.
Tədbir iştirakçılarına təqdim olunan ədəbi-bədii kompozisiyada səsləndirilib ki, həyata göz açan hər körpə dünyaya ümid, sevinc və sevgi, torpağa basdırılan hər fidan isə təbiətə yeni təravət və gözəllik gətirir. Süd qoxulu körpələr dünyamızın, həyatımızın, ana torpağa basdırılan ağac tingləri isə təbiətin davamı və sabahıdır.
Bayram tədbiri konsert proqramı və fləşmobla davam edib. Tədbir iştirakçıları rayonun incəsənət ustalarının və məktəblilərin ifasında şən mahnılar dinləyib, bir-birindən maraqlı rəqsləri izləyiblər.