“Heydər Əliyev – 95” adlı ədəbi-bədii kompozisiya təqdim olunub
Bakı, 14 may, AZƏRTAC
Səməd Vurğunun ev-muzeyində “Aytam” uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev - 95” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirə muzeyin direktoru Nüşabə Vəkilova, İctimai Birliyin sədri Aygün Zamanlı və başqaları müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən söhbət açıblar.
Bildirilib ki, azərbaycançılıq ideologiyasının yaradıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, sarsılmaz inamı və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqın müstəqillik haqqında arzularının həyata keçirilməsinə nail olub.
Tədbirdə birliyin üzvləri: Türkan Abidli, Minayə İbrahimova, Murad Həsənxanlı, Səbinə Babayeva və başqaları Azərbaycan və Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.