Heydər Əliyev Azərbaycanı inkişaf yoluna çıxardı VİDEO
Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Qubadlı rayonu üzrə keçirilən silsilə tədbirlər çərçivəsində məktəblilər arasında inşa yazı, mahnı müsabiqələri, idman yarışları təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mayın 10-da ümumrayon tədbiri keçirilib. Əvvəlcə iştirakçılar rayon icra hakimiyyətinin inzibati binasının foyesində Ulu Öndərin büstünü ziyarət edib, önünə tər güllər düzüblər.
Sonra tədbir Sumqayıt şəhərində yerləşən “28 may” Mədəniyyət Evində davam etdirilib. Əvvəlcə Heydər Əliyevin doğum günü münasibətilə təşkil olunan sərgi ilə tanışlıq olub. Sərgidə Heydər Əliyevin fəaliyyətindən bəhs edən kitablar, Ümummilli Lider haqqında çap materialları, həmçinin Qubadlı rayon məktəblilərinin rəsm əsərləri və əl işləri nümayiş etdirilib.
Tədbir Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs olunan videoçarxın nümayişi ilə başlayıb.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirib ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi və iqtisadi potensial yarada bilib. Xalqın qəlbində, arzu və istəklərində yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaradıb.
Qeyd edilib ki, xalqın tələbi ilə müstəqil Azərbaycana rəhbərlik edən Ulu Öndərin o ağır illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi, ölkəni inkişaf yoluna çıxardı.
Malik İsaqov bildirib ki, Ulu Öndər məcburi köçkünlərin əsl himayədarı idi. Dahi rəhbərin həyata keçirdiyi siyasət nəticəsində qaçqın və köçkünlərin problemləri öz həllini tapıb. Bu gün Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilməsi ölkəmizi çiçəklənən bir diyara çevirib. Biz inanırıq ki, yaxın gələcəkdə məhz bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və məcburi köçkünlər öz doğma yurd yuvalarına qayıdacaqlar.
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilmiş rayon məktəbliləri arasında inşa yazı, şeir, mahnı müsabiqələri, bilik və idman yarışları, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqələrinin qalibləri mükafatlandırılıb. Eyni zamanda, Yeni Azərbaycan Partiyasına qəbul olanlara vəsiqələr verilib.
Tədbir konsert proqrami ilə davam etdirilib.