İQTİSADİYYAT
Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin Azərbaycana yerinə yetirdiyi çarter reysi barədə məlumat yayıb
Bakı, 28 mart, AZƏRTAC
Heydər Əliyev Beynəlxalq Aeroportu Polşanın “LOT” aviaşirkəti tərəfindən martın 27-də Azərbaycana yerinə yetirilən çarter reysi ilə əlaqədar bir sıra məlumatlara aydınlıq gətirib.
Aeroportun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, 90 sərnişinlə (hamısı Azərbaycan vətəndaşıdır) Varşava-Lənkəran marşrutu üzrə hərəkət edən “LOT” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəblərdən çıxış hava limanına qayıtmaq barədə qərar qəbul edib.
“LOT” aviaşirkətinin hava gəmisi əvəz edildikdən sonra Varşavadan yola düşüb və yerli vaxtla saat 22:25 dəqiqədə Lənkəran hava limanına enib. Hava gəmisi ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib.
Sərnişinlər Lənkəranda düşürüldükdən sonra təyyarə sərnişinlərsiz Bakıya uçuş yerinə yetirib və martın 28-də Bakı vaxtı ilə saat 02:20 dəqiqədə 19 sərnişinlə (hamısı Polşa vətəndaşıdır) Varşavaya yola düşüb.
Azərbaycan Hava Yolları” QSC kütləvi informasiya vasitələrini və ölkə vətəndaşlarını yalnız rəsmi mənbələrdən daxil olan yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir.