“HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN ORDUSUNUN YARADICISIDIR”
AZƏRTAC xəbər verir ki, aprelin 17-də Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev müasir Azərbaycan ordusunun yaradıcısıdır” mövzusunda tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov çıxışına ümummilli lider Heydər Əliyevin “Azərbaycan ordusu dövlət müstəqilliyimizin dayağıdır” sözləri ilə başlamışdır. Bildirmişdir ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük inkişaf baş vermişdir. S.Ələkbərov demişdir ki, hazırda Prezident İlham Əliyev tərəfindən ordumuzun güclənməsi istiqamətində də uğurlu siyasət həyata keçirilir. Azərbaycan əsgəri həmişə öz sözünü deməyə qadirdir və Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı erməni işğalçılarından xilas etməyə hazırdır. Bu gün Silahlı Qüvvələrimizə göstərilən diqqət və qayğı onu deməyə əsas verir ki, qüdrətli ordumuz tezliklə Vətən torpaqlarını düşmən tapdağından azad edəcəkdir.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov, respublika hərbi komissarının müavini, polkovnik Rasim Sadıqov və başqaları
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunmuş nailiyyətlərdən, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlərdən danışmışlar.
Vurğulanmışdır ki, Azərbaycan ordusu lazımi döyüş hazırlığına malikdır və qarşısına qoyulan hər bir tapşırığı yerinə yetirməyə qadirdir. Artıq inamla demək olar ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuz Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın maraqlarına uyğun həll etmək üçün tam hazırdır.
Sonda “Heydər Əliyev Vətənin keşiyində” sənədli filmi göstərilmişdir.