Heydər Əliyev Sarayında “Suvar” ansamblının konserti olub
Bakı, 8 may, AZƏRTAC
Heydər Əliyev Sarayının səhnəsində “Suvar” ləzgi ansamblının konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş konsertdə yeni mahnı və rəqs kompozisiyaları təqdim edilib, həmçinin “Suvar” rəqs məktəbinin yetirmələri - gənc rəqqasların debütü olub. Azərbaycan estradasının ulduzları da səhnəyə çıxıblar.
Konsert “Samur” Ləzgi Milli Mərkəzinin hamiliyi ilə təşkil olunub.
“Suvar” ləzgi mahnı və rəqs ansamblı 2016-cı ildə Heydər Əliyev Sarayında 20 illik yubileyini qeyd edib.
Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan kollektiv tez-tez ölkə xaricində keçirilən festival və konsertlərə dəvət edilir. Ansambl bu illər ərzində beş albom buraxıb, onlarca konsert keçirib, 2011-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın xalq kollektivi” fəxri adı ilə təltif edilib.
“Suvar” ansamblı 2011-ci ilin sentyabrında Ankarada keçirilən beynəlxalq musiqi festivalında Azərbaycanı layiqincə təmsil edib.