REGİONLAR
Heydər Əsədov: Hədəfimiz gələn il süd istehsalında böyük irəliləyişə nail olmaqdır
Bakı, 2 noyabr, Bəhruz Vəliyev, AZƏRTAC
Ölkədə süd istehsalı ilə vəziyyət dəyişməz olaraq qalır. Bizim hədəfimiz bu sahədə böyük irəliləyişə növbəti ildə nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazir bildirib ki, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi tikilib istifadəyə verilib. Ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu olacaq. Süni Mayalanma Mərkəzinin fəaliyyəti, ixtisaslı kadrların hazırlanması, xarici təcrübədən istifadə, eləcə də damazlıq heyvanların idxalının kütləvi surətdə artırılması növbəti ildə bu sahədə ciddi dönüş yaratmağa imkan verəcək.
Qeyd edək ki, Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 zona baytarlıq laboratoriyası da süni mayalama işlərinə cəlb edilib.