MƏDƏNİYYƏT
HEYKƏLTƏRAŞ SEYFƏDDİN QURBANOV AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN İRPENDƏ QOYULACAQ ABİDƏSİ ÜZƏRİNDƏ İŞİ ÖZÜ ÜÇÜN ŞƏRƏF HESAB EDİR
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, əslən Şərur rayonunun Siyaqut kəndindən olan S.Qurbanov heykəltəraşlıq sənətinin sirlərini Bakıda Ömər Eldarov və İbrahim Zeynalov kimi görkəmli ustadlardan öyrənmişdir. İ.Zeynalovun, habelə Azərbaycan Mədəniyyət Nazirliyinin zəmanəti ilə gənc istedadlı heykəltəraş 1985-ci ildə Xarkov rəssamlıq məktəbinə göndərilmiş və onu fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Qurbanov öz ustalığını Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasında cilalamışdır.
Ukrayna Rəssamlar İttifaqının üzvü, Oksford Universitetinin (ABŞ) Sokrat mükafatı laureatı, Xarkovdakı Şərqi Ukrayna İşgüzar Dairələri Akademiyasının baş heykəltəraşı olan soydaşımızın ilhamla yaratdığı orijinal işləri indi bir çox ölkələrdə məşhurdur. Bu yaxınlarda Rusiya Dövlət Dumasının sədri G.Seleznyovun Rusiyanın tanınmış adamlarına təqdim etdiyi mükafatlardan ikisinin – “Qızıl Sofiya” və “Qızıl yaquar”ın müəllifi S.Qurbanovdur.
Apreldə biz Seyfəddin Qurbanovun öz həyatını sənətə həsr etmiş bütün yaradıcı insanların xatirəsinin əbədiləşdirilməsi üçün yaratdığı və Xarkovun əsl yaraşığına çevrilmiş “Skripkaçı damda” heykəltəraşlıq kompozisiyasının təqdimat mərasiminin keçirilməsindən danışmışdıq. “İlin adamı” müsabiqəsinin mükafatlarını, Beynəlxalq Populyarlıq və Keyfiyyət Akademiyasının “Qızıl fortuna” mükafatlarını da heykəltəraş Seyfəddin Qurbanov yaratmışdır.
Ölkəmizin Ukraynadakı səfirliyi Azərbaycan Prezidenti Heydər Əliyevin şanlı yubileyi münasibətilə aprelin 15-də Kiyevdə beynəlxalq elmi-praktik konfrans keçirərkən S.Qurbanov xalqımızın ləyaqətli qızı, həyatını insanların gözlərinə işıq vermək kimi nəcib peşəyə həsr etmiş Zərifə xanım Əliyevanın abidəsini yaratmaq istədiyini səfir Tələt Əliyevə söyləmişdir. Onun işləri ilə tanışlıqdan sonra səfir bu təşəbbüsü bəyənmişdir. İndi Seyfəddin Qurbanov gələcək heykəlin eskizləri üzərində işləyir. “Zərifə park”da akademik Zərifə Əliyevanın nurlu xatirəsinin əbədiləşdiriləcəyi yerlə daha yaxından tanış olmaq üçün avqustun 4-də o, diplomatlarla birlikdə İrpenə getmişdir.