CƏMİYYƏT
HİNDİSTANIN BÖYÜK QANQ ÇAYININ ÜÇDƏİKİ HİSSƏSİ 2030-CU İLƏ QƏDƏR QURUYA BİLƏR
Bakı, 21 fevral (AZƏRTAC). Yüz milyonlarla hindlinin əsrlər boyu müqəddəs hesab etdiyi böyük Qanq çayı ciddi təhlükə qarşısındadır: Cənubi Asiya subkontinentinin ən mühüm su arteriyasını xilas etmək üçün birləşmiş aparıcı ekoloqlar qrupunun Dehlidə yayılmış məruzəsində verilən proqnozlara görə, 2030-cu ilə qədər bu çayın üçdəiki hissəsi quruya bilər. Mütəxəssislərin fikrincə, əsas təhlükə mənbəyi Qanqın Himalay dağlarından başlanan qollarında suyun daim azalmasıdır. Kosmik peyklər vasitəsilə aparılmış son çəkilişlərin nəticələri göstərir ki, Bxaqiratxi çayının 8 kilometr uzunluğunda hissəsində mütəmadi quruma müşahidə olunur. Qanq çayının digər kiçik qolları hesabına daxil olan suyun həcmi də xeyli azalmışdır.
Mütəxəssislərin fikrincə, bu hal Himalay hidroloji sisteminin ümumi vəziyyətində uzunmüddətli tsiklik dəyişikliklərlə izah olunur. Lakin real vəziyyət təşviş doğurmaya bilməz. Ekoloqlar, məsələn, diqqəti Bxaqiratxi çayı üzərində 10 il bundan qabaq tikilmiş “Teri” hidroenergetika kompleksinə cəlb edirlər. Üstəlik, Himalaydan başlanan daha 4 çay üzərində iri su elektrik stansiyalarının tikintisi planlaşdırılır. Məruzədə qeyd edilir ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Qanq daha da “boğulacaqdır”. Çayların dayazlaşmasının sürəti barədə proqnoz hesablamaları düz çıxsa, hazırda Qanq çayının sahillərində yaşayan 400 milyona yaxın insan 20 ildən sonra içməli sudan məhrum olacaqdır.