DÜNYA
Hindistanın şimalında daşqınlar azı 130 adamın ölümünə səbəb olmuşdur
Bakı, 19 iyun (AZƏRTAC). Hindistanın “NDTV” telekanalının yaydığı məlumata görə, ölkənin şimalında yerləşən Uttarakhand, Himaçal-Pradeş və Uttar-Pradeş ştatlarında güclü yağışların doğurduğu daşqınlar və sürüşmələr səbəbindən azı 130 nəfər həlak olmuşdur.
Həlak olanların beşi xilasetmə əməliyyatlarında iştirak edən hərbçilərdir. Yüzlərlə adam, o cümlədən 45 polis itkin düşmüşdür. Təbii fəlakət qurbanlarının çoxu (102 nəfər) Uttarakhand ştatında qeydə alınmışdır.
Bu il Hindistanın şimalında, o cümlədən paytaxt Dehlidə yağışlar mövsümü həmişəkindən xeyli əvvəl başlanmışdır. Leysan sürüşmələrə, daşqınlara səbəb olmuşdur Uttarakhand və Himaçal-Pradeş ştatlarına daha çox ziyan dəymişdir. Yağışlar Qanq çayının və onun bəzi qollarının daşmasına səbəb olmuşdur. Yüzlərlə ev və körpü dağılmışdır. Minlərlə zəvvar hindular üçün müqəddəs sayılan Uttarakhand məbədlərinə gedib çıxa bilməmişdir. Hazırda hakimiyyət orqanları insanları yerli məktəb və kollec binalarında yerləşdirirlər.
Hindistan Hərbi-Hava Qüvvələri təbii fəlakət üzündən evlərin damında və ya yağışın yuyub apardığı yollarda qalmış insanların təxliyə olunmasına 20-dək vertolyot cəlb etmişdir. Xilasetmə əməliyyatlarında təxminən beş min hərbçi iştirak edir.
Gözlənildiyinə görə, Hindistanın Baş naziri Manmohan Sinqh və hakim koalisiyanın başçısı Sonya Qandi iyunun 19-da Uttarhakhand ştatına gedəcəklər.
Dehli ərazisindən axan Yamuna çayının məcrasından çıxmasından ehtiyat edən şəhərin hakimiyyət orqanları bilavasitə sahil zonasında yaşayan təxminən 15 min adamı təxliyə etmişlər.