MƏDƏNİYYƏT
“İÇƏRİŞƏHƏR” TARİX MUZEYİ 160 NÖMRƏLİ KLASSİK GİMNAZİYANIN QONAĞIDIR
Bakı, 14 may (AZƏRTAC). Mayın 18-də qeyd olunan Beynəlxalq Muzey Günü ərəfəsində “İçərişəhər” Tarix Muzeyi 160 nömrəli klassik gimnaziyada “Qədim Bakı” sərgisini nümayiş etdirmişdir.
Gimnaziyanın direktoru, respublikanın Əməkdar Müəllimi Faina Ələkbərova stendlər qarşısında toplaşan şagirdlərə 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası Baş Konfransının qərarı ilə Beynəlxalq Muzey Günü təsis edilməsi barədə məlumat vermişdir. O vaxtdan hər il mayın 18-də bu gün Azərbaycanda da qeyd olunur. Beynəlxalq Muzey Günü hər il müxtəlif devizlər altında keçirilir. Bu il muzey gününün devizi belədir - “Muzey sosial harmoniyanın təşkilatçısıdır”.
“İçərişəhər” Tarix Muzeyinin təşəbbüsü ilə təşkil olunan səyyar sərgi şagirdləri tarixi irsimizlə tanış edəcəkdir. İlk ekspozisiya 160 nömrəli klassik gimnaziyada açılmışdır.
“Qədim Bakı”, “Qız qalası”, “Bayıl qalası”, “Döyüş geyimləri”, “Şirvanşahlar sarayı”, “Müdafiə qurğuları”, “Abşeron qüllələri”, “Orta əsrlər Bakısı” stendlərindən başqa, muzey məktəbə müxtəlif eksponatlar da gətirmişdir.
“İçərişəhər” Tarix Muzeyinin direktoru, klassik gimnaziyanın məzunu Rüfət Acalov demişdir: “İlk dəfədir ki, muzeyin eksponatlarını məktəbə gətirmişik. Uşaqların ölkələrinin tarixini bilməsi, sevməsi, qoruyub saxlaması və gələcək nəsillərə ötürməsi çox vacibdir”. O, uşaqları mayın 18-də muzeyə dəvət etmişdir. Həmin gün muzeyə giriş pulsuz olacaqdır.
Muzeyin əməkdaşları burada nümayiş etdirilən 40 eksponat, o cümlədən milli geyimlər, idman ləvazimatları, məişət əşyaları barədə məlumat vermişlər.
Sonda gimnaziyanın rəqs ansamblının solisti, 7-ci sinif şagirdi Nəzrin Səfərova Azərbaycan rəqsləri ifa etmişdir.