MƏDƏNİYYƏT
İki gün ərzində “Eurovision”un milli seçim turunda iştirak etmək üçün 10 nəfər sənəd vermişdir
Bakı, 18 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, “Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) 2012-ci ildə bu yarışmada ölkəmizin təmsilçisini müəyyən etmək üçün milli seçim turuna start verilmişdir. Milli seçimlərdə iştirak etmək üçün artıq 10 nəfər sənəd vermişdir.
İTV-nin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov AZƏRTAC-a bildirmişdir ki, sənəd verənlərdən 2 nəfər - Adil Baxışlı və Altun Zeynalov ötənilki milli seçim turunda da iştirak etmişlər.
Milli seçimlərdə iştirak üçün yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər sənəd verə bilərlər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. Milli seçimlərə sənəd qəbulu oktyabrın 25-dək İctimai Televiziyada aparılacaqdır.
Müsabiqə tam olaraq “Eurovision” mahnı müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaqdır. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədi ilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaqdır.