MƏDƏNİYYƏT
İkinci Beynəlxalq Aşıq Festivalı çərçivəsində Şəmkirdə konsert
Şəmkir, 17 noyabr, Sabir Əliyev, AZƏRTAC
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən İkinci Beynəlxalq Aşıq Festivalı çərçivəsində növbəti konsert Şəmkirdəki Əhməd Cavad adına mədəniyyət sarayında təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar qatıldığı mərasimi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov belə bir konsertin keçirilməsini rayonun mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirib.
Tədbirdə professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev çıxış edərək aşıq sənətinin həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biri olduğunu vurğulayıblar.
Bildirilib ki, bu gün aşıq sənətinin inkişafı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində yeni mərhələyə qədəm qoyub. Muğam sənətindən sonra aşıq sənətinin də UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilməsi bunun əyani ifadəsidir.
Sonra festivala qatılan sənətkarların ifaları dinlənilib.