REGİONLAR
“İlisu kəndinin məşhurları” mövzusunda tədbir dramaturq Qeybulla Rəsulova həsr olunub
Qax, 18 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə yazıçı-dramaturq Qeybulla Rəsulovun anadan olmasının 100 illiyinə həsr edilmiş “İlisu kəndinin məşhurları” mövzusunda videokonfrans keçirilib.
Kitabxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransı Qax rayon MKS-nin direktoru Güllü Əhmədova açaraq İlisu kəndinin ziyalıları, görkəmli şəxsiyyətləri barədə məlumat verib. Bildirilib ki, Qeybulla Rəsulov da məhz belə tanınmış yaradıcı insanlardan biri olub.
Q.Rəsulov 1922-ci il martın 18-də Qax rayonunun İlisu kəndində anadan olub. O, ədəbi fəaliyyətə “Qatar Bakıdan gəlir” birpərdəli pyeslə başlayıb. Onun “Rəhmə gəl mələyim”, “Çiçəklər”, “Bir evdə” əsərləri, “Əlvida, Hindistan”, “Söz yarası”, “Nəsillər”, “Od parçası”, “Gün aydın, əlahəzrət”, “Günəşlə oyananlar”, “Şəhərli oğlan”, “Molla Nəsrəddin zarafatı” və digər pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulub, xalq teatrlarında oynanılıb. Q.Rəsulov 1988-ci ilin sentyabrında vəfat edib.
Videokonfransda dramaturqun dağ kəndlərinin müasir problemlərindən bəhs edən “Alçalar gül açanda” və digər əsərləri barədə məlumat verilib, “Rəhmə gəl mələyim” əsərindən səhnəcik təqdim olunub.