İndoneziya hökuməti ölkədə “Facebook”un bağlana biləcəyi barədə xəbərdarlıq edib
Tokio, 3 aprel, AZƏRTAC
İndoneziya hökuməti iyunda keçiriləcək ümumi yerli seçkilərlə əlaqədar yalan məlumatlar yayacağı təqdirdə “Facebook” sosial şəbəkəsinin ölkədə bağlana biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC “The Straits Times” nəşrinə istinadla xəbər verir ki, belə bir bəyanatla İndoneziyanın kommunikasiyalar və informasiya naziri Rudiantara çıxış edib.
Nazirin sözlərini sitat gətirən nəşr yazıb: “Əgər lazım gələrsə, heç bir tərəddüd etmədən mən platformanın bağlanması barədə göstəriş verəcəyəm”. Rudiantara xatırladıb ki, onun rəhbərlik etdiyi qurum ötən il “Teleqram”ın messencerini bütün ölkədə bağlayıb. Bundan əlavə, nazir bildirib ki, o, “Facebook”un nümayəndələrindən bu sosial şəbəkənin Britaniyanın “Cambridge Analytica” şirkəti ilə əməkdaşlığı barədə tam hesabat da tələb edib. Onun sözlərinə görə, bununla bağlı hələlik bir cavab verilməyib. Nazir qeyd edib ki, fərdi məlumatların sızmasına cavabdeh olan sosial şəbəkənin nümayəndələri qanun qarşısında məsuliyyət daşıyırlar və belə bir hadisə baş verəcəyi təqdirdə onlar 12 il müddətinədək azadlıqdan məhrum edilə bilərlər.
Cənubi Asiya regionunun ən böyük iqtisadiyyatına malik olan İndoneziyada 260 milyon əhali yaşayır. Bu gün bu ölkədə 90 milyondan çox “Facebook” istifadəçisi var. Cari ilin iyununda bütün ölkə boyunca qubernatorların, merlərin və yerli parlamentlərin deputatlarının seçkiləri keçiriləcək. Seçkilərin nəticələri gələn il keçirilməsi planlaşdırılan prezident seçkilərinə mühüm təsir göstərə bilər. İndoneziyanın hazırkı dövlət başçısı Coko Vidodo ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürəcəyini artıq elan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio