İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏDƏ DÜNYA ÖLKƏLƏRİ BİRGƏ FƏALİYYƏT GÖSTƏRMƏLİDİRLƏR
AZƏRTAC xəbər verir ki, bu fikir iyunun 17-də Milli Məclis sədrinin müavini Bahar Muradovanın ölkəmizdə səfərdə olan ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi xanım İva Biode ilə görüşündə səslənmişdir.
Azərbaycanın ATƏT-lə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini söyləyən Bahar Muradova bildirmişdir ki, biz bu təşkilat çərçivəsində əməkdaşlığımıza böyük əhəmiyyət veririk. Finlandiya ilə Azərbaycan arasında, həmçinin parlamentlər arasında əlaqələrin yüksək səviyyədə olduğunu, diqqətə çatdıran sədr müavini ATƏT çərçivəsində bu ölkənin nümayəndə heyəti ilə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
B.Muradova ATƏT ilə əməkdaşlıqda müxtəlif istiqamətlərdə məsələlərin müzakirə edildiyini söyləmiş, insan alverinə qarşı mübarizədə təşkilatın töhfələrini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, Azərbaycan bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdədir. İnsan alverinə qarşı mübarizədə, ilk növbədə, qanunvericilik bazasının vacibliyini qeyd edən natiq Azərbaycanın bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulduğunu, milli qanunvericilikdə müvafiq dəyişikliklərin edildiyini diqqətə çatdırmışdır.
İnsan alveri qurbanlarının, əsasən, uşaqlar və qadınlar olduğunu deyən Bahar Muradova ölkəmizdə onlara qayğı ilə əlaqədar, eləcə də reabilitasiya işinin həyata keçirilməsi üçün müvafiq mərkəzin yaradıldığını vurğulamış, şəbəkənin genişləndirilməsi işinə QHT sektorunun cəlb edilməsinin, sığınacaqların sayının artırılmasının vacibliyini bildirmişdir. Bu sahədə maarifləndirmə işinin təşkilinin əhəmiyyəti də diqqətə çatdırılmışdır.
Sonda Milli Məclis sədrinin müavini demişdir ki, insan alveri beynəlxalq xarakterli cinayət olduğu üçün beynəlxalq ictimaiyyət, bütün dünya ölkələri bu bəlaya qarşı birgə mübarizə aparmalıdır, bu sahədə fəaliyyət əlaqələndirilməlidir.
Azərbaycanda artıq bir neçə görüş keçirdiyini və bu görüşlərin dialoq üçün yaxşı imkanlar yaratdığını söyləyən ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi xanım İva Biode ölkə həyatında parlamentin böyük rolunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, insan alveri kimi qlobal problem hazırda dünyanın bütün ölkələrinə aid bir məsələdir. Belə bəlaya qarşı birgə mübarizə aparmaq vacibdir.
Görüşdə maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.