SİYASƏT
İNSAN HAQLARI DİQQƏT MƏRKƏZİNDƏDİR
İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi kimi bəyan etmiş Azərbaycan Respublikası bu sahədə bütün əsas beynəlxalq müqavilələrə qoşulmuş, onların tələblərinin milli qanunvericiliyimizdə implementasiyası üzrə zəruri tədbirlər görülmüşdür.
Ölkədə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində penitensiar sistemin islahatına xüsusi əhəmiyyət verilmiş, qeyri-hökumət hüquq-müdafiə təşkilatları ilə, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Amnistiya, Helsinki Vətəndaş Assambleyası və digərləri ilə işgüzar əlaqələr genişləndirilmiş, cəzaçəkmə yerlərinə sərbəst baş çəkmək, məhkumlarla görüşmək imkanları yaradılmış, digər tədbirlər görülmüşdür.
Bu günlərdə beynəlxalq hüquq müdafiəçiləri - Helsinki Vətəndaş Assambleyasının Siyasi Direktoru Miyent Yan Faber (Niderland), Helsinki Vətəndaş Assambleyasının həmsədri Bernar Dreano (Fransa) və London İqtisadiyyat Məktəbinin professoru Mari Kalder (İngiltərə) Ədliyyə Nazirliyində qəbul edilmişlər.
İnsan haqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlər, Avropa Şurası qarşısında ölkəmizin götürdüyü öhdəliklərin icrası üzrə görülən işlər barədə məlumat verən ədliyyə naziri Fikrət Məmmədov, xüsusilə ağır cinayətlər törətmiş şəxslərin cinayət işlərinə apellyasiya qaydasında, açıq məhkəmə prosesində yenidən baxılmasını Azərbaycanın insan hüquqlarına sadiqliyinin və humanizmin təzahürü kimi dəyərləndirmişdir.
Hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrinə baş çəkərək məhkumlarla görüşdüklərini, onların hüquqlarının təmin edilməsinin və aparılan müsbət dəyişikliklərin bilavasitə şahidi olduqlarını vurğulamış, Ədliyyə Nazirliyi tərəfindən yaradılan davamlı faydalı əlaqələrə və onları maraqlandıran suallara ətraflı cavablar verilməsinə görə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Ədliyyə Nazirliyinin məsul işçiləri və Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva iştirak etmişlər.