MƏDƏNİYYƏT
İordaniyanın nüfuzlu “Əl-Diyar” qəzetində “Univision” tələbələrin Beynəlxalq mahnı müsabiqəsi barədə məqalə dərc olunmuşdur
Əmman, 15 iyun (AZƏRTAC). İordaniyanın nüfuzlu “Əl-Diyar” qəzetində cari ilin mayında Bakıda, Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə dəstəyi ilə keçirilmiş ikinci “Univision” tələbələrin Beynəlxalq mahnı müsabiqəsinə həsr olunmuş məqalə dərc edilmişdir.
Məqalə, sözügedən tədbirdə İordaniyanı təmsil edən Filadelfiya Universitetinin tələbələrinin təəssüratları əsasında hazırlanmışdır.
Yazıda, Azərbaycan tərəfinin dəvəti ilə müsabiqəyə qatılan iordaniyalı tələbələrin yarışma çərçivəsində milli adət-ənənələrini, mədəniyyət və musiqi incilərini böyük qürurla nümayiş etdirdikləri vurğulanmışdır. İordaniyanın istiqlaliyyət gününə təsadüf edən bu müsabiqədə “Əl-Badiyya irsi” adı altında performans göstərən iordaniyalı tələbələr “Dəbkə” (yallı) rəqsi ilə tədbirə xüsusi rəng qatmışlar.
Tələbələrin ölkəmizdə gördükləri qonaqpərvərlik, zəngin kulinariya, gözəl təbiət və füsunkar Bakı şəhəri məqalədə ən xoş sözlərlə ifadə olunmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman