İQTİSADİYYAT
İQTİSADİYYAT MÖHKƏMLƏNMİŞ, ƏHALİNİN RİFAHI YÜKSƏLMİŞDİR
Neftçala, 13 fevral (AZƏRTAC). Neftçalada 2009-cu ilin sosial-iqtisadi inkişafın yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov hesabat məruzəsində məlumat vermişdir ki, ümumi məhsul istehsalının həcmi 2008-ci ilə nisbətən 0,8 faiz çox - 105,3 milyon manat olmuşdur. Ümumi istehsalın tərkibində 9.427,6 min manatlıq sənaye, 56.826,5 min manatlıq kənd təsərrüfatı məhsullarının, 1.433,2 min manatlıq nəqliyyat, 507,5 min manatlıq rabitə, 34.032 min manatlıq ticarət, iaşə və digər xidmətlərin payına düşür. Məhsulun 95,6 faizi qeyri-dövlət bölməsində istehsal edilmişdir. Adambaşına 1.340 manatlıq və ya 2008-ci ildə olduğundan 4,4 faiz çox məhsul düşmüşdür. Hesabat ilində rayonda 11 yeni müəssisə yaradılmış, 247 fiziki şəxs fəaliyyətə başlamış, onların hesabına 362 daimi yeni iş yeri açılmışdır. Sənaye məhsulunun ümumi həcmində mədənçıxarma sənayesi 56,5 faiz, emal sənayesi 30,9 faiz, elektrik enerjisi, qaz , suyun təchizatı və bölüşdürülməsi 12,6 faiz təşkil etmişdir.
Bu müddətdə diri çəkidə 3.954 ton ət, 20 min ton süd, 179,6 ton yun, 3 milyon 176 min ədəd yumurta istehsal olunmuş, 2008-ci illə müqayisədə yun istehsalı 8,1 ton, yumurta istehsalı 2 min ədəd artmışdır.
Əhalinin pul gəlirləri 27 milyon 754 min manat və ya 2008-ci illə müqayisədə 2,6 faiz artmışdır. Adambaşına düşən pul gəlirləri 1,4 faiz artaraq 353 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 180 manat təşkil edir. Bu, əvvəlki illə müqayisədə 2,9 faiz çoxdur. İl ərzində əhaliyə 94,2 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 28,2 faiz artaraq 82,8 milyon manata, pullu xidmətlərin məbləği 26,3 faiz çoxalaraq 11,4 milyon manata çatmışdır.
2009-cu ildə sahibkarlara və vətəndaşlara ümumilikdə 2 milyon 58,2 min manat kredit verilmişdir.
Rayonun 3 nərə balıqartırma zavodu tərəfindən ümumilikdə 6,7 milyon ədəd nərə körpələri yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmış, proqnoz tapşırığa 42,9 faiz əməl edilmişdir.
Bütün maliyyə mənbələri hesabına 1 milyon 396 min manatlıq əsas fondlar istifadəyə verilmiş, rayon iqtisadiyyatının inkişafına 3 milyon 662,6 min manatlıq investisiya yönəldilmişdir. İnvestisiyanın 77,9 faizi dövlət sektorunun payına düşür.
Yığıncaqda çıxış edənlər ötən ilin sosial-iqtisadi yekunlarını qiymətləndirmiş, qarşıya qoyulmuş yeni vəzifələrin də layiqincə yerinə yetiriləcəyini bildirmişlər.
Yığıncaqda Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev çıxış etmişdir.