DÜNYA
İranda inqilabın 43-cü ildönümü qeyd olunur
Tehran, 11 fevral, AZƏRTAC
Fevralın 11-i İranda İslam İnqilabının 43-cü ildönümüdür. Bu münasibətlə İranda müxtəlif təntənəli tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Tehran və digər böyük şəhərlərdə avtomobillərlə yürüşlər keçirilir. Tehranın “Azadi”, “Şəriəti”, “İnqilab” xiyabanlarında toplanan sürücülər avtomobillərlə yürüş edirlər.
Qeyd edək ki, İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyni 15 illik mühacirətdən sonra 1979-cu ilin fevralın 1-də vətənə qayıdıb və inqilaba rəhbərlik etməyə başlayıb. Siyasi baxışlarına görə həbslərə və məhrumiyyətlərə məhkum olunan Ruhullah Xomeyni ölkəni tərk etmək məcburiyyətində qalmışdı.
Tehranda onu 3 milyondan çox insan qarşılayıb. Ölkəyə qayıdan Xomeyni inqilaba rəhbərlik edib və şah rejimini devirərək ölkənin Ali Rəhbəri vəzifəsinə seçilib.
Onun Tehrana qayıdışından 10 gün sonra - fevralın 11-də ölkədə inqilab baş verib. Həmin 10 günlük müddət İranda “Fəcr ongünlüyü” adlanır və hər il təntənəli tədbirlərlə qeyd olunur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran