CƏMİYYƏT
İranın səhiyyə nazirinin müşaviri Azərbaycanda dini abidələrə dövlət səviyyəsində diqqət və qayğını yüksək qiymətləndirmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qurumun sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının (İİR) səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq-Xeyriyyə Birliyinin baş katibi Seyyid Rza Nəyyiri ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, QMİ-nin sədri A.Paşazadə Azərbaycan və İran xalqları arasında olan tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə münasibətlərinin inkişafına böyük təkan verdiyini vurğulamışdır.
Ötən ay İran Prezidenti Mahmud Əhmədinejadın ölkəmizə rəsmi səfərini yüksək qiymətləndirən QMİ-nin sədri onun Azərbaycanın dövlət başçısı İlham Əliyev ilə görüş və danışıqlarının ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcəyini diqqətə çatdırmışdır.
Şeyxülislam A.Paşazadə İranın Azərbaycana xoş münasibətinin qaçqın və məcburi köçkün vətəndaşlarımıza münasibətdə nümayiş etdirdiyi qayğı və məhəbbətdə özünü daha bariz şəkildə büruzə verdiyini xatırlatmışdır.
A.Paşazadə İranın xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirmişdir.
Azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardımlarını əsirgəmədiklərini diqqətə çatdıran iranlı qonaq, xalqlarımızı birləşdirən doğmalıq və mehribanlıq hisslərinin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Təzəpir məscidini ziyarət etdiyini, burada yüksək səviyyədə aparılmış təmir və bərpa işləri ilə tanışlıqdan məmnun qaldığını bildirən Seyyid Rza Nəyyiri, Azərbaycanda dini abidələrə dövlət səviyyəsində diqqət və qayğını yüksək qiymətləndirmişdir.
Sağlamlıq-Xeyriyyə Birliyinin baş katibi rəhbərlik etdiyi qurumun fəaliyyəti, o cümlədən İranın son illərdə tibb sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, təmsil etdiyi təşkilatın gördüyü işlər İranda tibbin inkişafına öz töhfəsini verməkdədir.
Görüşdən xatirə olaraq qonağa İçərişəhərin mənzərəsini əks etdirən şəkil təqdim edilmişdir.