SİYASƏT
İSLAM KONFRANSI TƏŞKİLATI PARLAMENT İTTİFAQI XOCALI FACİƏSİNİ İNSANLIĞA QARŞI TÖRƏDİLƏN QANLI CİNAYƏT KİMİ QİYMƏTLƏNDİRMİŞDİR
Bakı, 20 fevral (AZƏRTAC). İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKTPİ) Nigerin paytaxtı Niamey şəhərində keçirilmiş 11-ci sessiyasında Xocalı faciəsini törədənlər qətiyyətlə pislənilmiş, bu qanlı hadisə təkcə azərbaycanlılara deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilmişdir. Təşkilatın üzvü olan dövlətlərin nümayəndələri beynəlxalq ictimaiyyəti belə hadisələrə biganə qalmamağa çağırmışlar.
Sessiyada siyasi, iqtisadi, mədəni, sosial, təşkilati və maliyyə məsələləri, o cümlədən Fələstində vəziyyət, Orta Şərq regionunun kütləvi qırğın və nüvə silahlarından azad edilməsi, terrorizmə qarşı mübarizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Azərbaycanın İKT Pİ-dəki nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı sessiya iştirakçılarına geniş məlumat vermiş, təşkilata üzv dövlətləri məsələyə münasibət bildirməyə çağırmışdır.
G.Baxşəliyeva demişdir ki, İslam Konfransı Təşkilatı Parlament İttifaqı Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasından təəssüflənir və Ermənistanın işğalçı qüvvələrinin qeyri-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını, BMT qətnamələrinin və beynəlxalq qurumların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qərarların yerinə yetirilməsini tələb edir. Sessiyada bu fikirlərin yer aldığı xüsusi sənəd qəbul olunmuşdur.
İKT Pİ Ermənistan və Azərbaycan arasında münaqişənin tez bir zamanda həllinə nail olunması işinə səmərəli töhfə verməyə, üzv dövlətləri işğalçı Ermənistanla bütün əlaqələri kəsməyə, beynəlxalq təşkilatları azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinə biganə qalmamağa çağırmışdır.