İsmayıllıda ümumi məhsul istehsalı 36 milyon 29 min manat təşkil edib
İsmayıllı, 19 aprel, AZƏRTAC
İsmayıllı rayonunda 2018-ci ilin birinci rübündə ümumi məhsul istehsalı faktiki qiymətlərlə 36 milyon 29 min manat olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 417 min manat çoxdur. Əsas kapitala investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 8 milyon 630 min manat təşkil edib. Birinci rübdə rayonda 455 yeni iş yeri açılıb ki, bunun da 400-ü daimidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məlumatlar İsmayıllıda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda görülən işlər geniş təhlil edilib. Qeyd olunub ki, bu ilin məhsulu üçün ötən payızda 28 min 741,5 hektar sahədə taxıl əkilib. İlin ilk aylarında əkin sahələrinə yüksək aqrotexniki qulluq göstərilib. Belə ki, taxıl sahələrinə gübrə verilib, 20 min hektardan çox ərazidə alaq otlarına qarşı mübarizə tədbirləri aparılıb. Hesabat dövründə 2 min 133 hektar sahədə yazlıq bitkilər əkilib. Bu il tütün əkini sahəsini 22 hektara çatdırmaq üçün tədbirlər görülüb. Qubaxəllili kəndi ərazisində “ASPİLAND” MMC tərəfindən 10 hektar sahədə badam, 30 hektarda qoz bağı salınıb.
Hesabat dövründə kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da dinamik inkişaf təmin edilib.
Məruzə və çıxışlarda ilin ilk günlərindən başlayaraq rayon ərazisində aparılan əsaslı tikinti, abadlıq-quruculuq işləri barədə də ətraflı danışılıb. Qeyd olunub ki, birinci rübdə Lahıc qəsəbə tam orta məktəbi üçün yeni binanın və İsmayıllı-Kəlbənd yolunun tikintisinə başlanılıb. Dəmirçi-Lahıc avtomobil yolunun, Keyvəndi kəndində heyvandarlıq təsərrüfatının, Heydər Əliyev prospektində beşmərtəbəli otel binasının, “Bədo” əlillərin reabilitasiya və bərpa istirahət mərkəzinin, “Niyal-Konstruktion” MMC tərəfindən ticarət mərkəzi-otel binasının və digər obyektlərin tikintisi davam etdirilib.
Yığıncaqda təhsil, səhiyyə sahələrində görülən işlər, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı müzakirələr aparılıb.
Hesabat yığıncağında Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu nəticələrini diqqətə çatdırıb, qarşıda duran vəzifələrdən söz açıb.