DÜNYA
İspaniyalı həkimlər Şopenin epilepsiyadan əziyyət çəkdiyi qənaətinə gəlmişlər
Bakı, 28 yanvar (AZƏRTAC). 1849-cu ildə 39 yaşında ağciyər xəstəliyindən vəfat etmiş dahi polyak bəstəkarı Friderik Şopen özünün qısa həyatında hallüsinasiyalardan əziyyət çəkirmiş.
Bəstəkarın gördüyü qarabasmalara əsasən, ispaniyalı həkimlər belə qərara gəlmişlər ki, Şopenin, həmçinin müvəqqəti epilepsiyadan əziyyət çəkdiyi də istisna olunmur.
Şopenin özünün yazdığı məktublara və ona yaxın şəxslərin xatirələrinə görə, qarabasmalar bəstəkarın həyatına hakim kəsilibmiş. Jorj Sand Şopenin müxtəlif vaxtlarda vizual hallüsunasiyalar keçirdiyini yazırdı. Hətta onun yazılarında deyilirdi ki, bəstəkar monastıra gedəndə də kabus görmüş və qorxu keçirmişdi.
Jorj Sandın qızına məktubunda Şopenin özü yazırdı ki, 1848-ci ildə İngiltərədə B minor Sonatasını ifa etdiyi zaman pianosundan qəribə məxluqların boylandığını görmüşdü və ondan sonra özünə gəlmək üçün salonu tərk etməli olmuşdu.
Hallüsinasiyalar bəzi tibbi və psixiatrik təsirlərin, o cümlədən şizofreniyanın nəticəsində baş verir. Ancaq onlar adətən görüntü yox, səslər formasında olur. Şopenin gördüklərini ispaniyalı həkimlər müvəqqəti qulaq epilepsiyası kimi izah edirlər.