SİYASƏT
İstanbulda “Tarixi mərhələlərdə Türkiyə-Azərbaycan münasibətləri və Ermənistan problemi” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir
Bakı, 22 may (AZƏRTAC). İstanbul Ticarət Universitetində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin (TDDMƏC), Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatının (BİƏT) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində “Tarixi mərhələlərdə Türkiyə-Azərbaycan münasibətləri və Ermənistan problemi” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
TDDMƏC-dən AZƏRTAC-a bildirilmişdir ki, qurumun sədri Eldəniz Salmanov, İstanbul Ticarət Universitetinin rektoru Nazim Əkrəm, idarə heyətinin sədri Erhan Əkən, professorları Nadir Dövlət və Mim Kamal Ökə və BİƏT-in sədri Musa Sərdar Çələbi çıxış edərək tədbirin əhəmiyyətini vurğulamışlar. Diqqətə çatdırılmışdır ki, ölkələrimizin diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.
“Tarixi mərhələlərdə Türkiyə-Azərbaycan münasibətləri və gələcəyə baxış” mövzusunda çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa ölkələrimiz arasındakı əlaqələr haqqında ətraflı məlumat vermişdir.
Konfransda Milli Məclisin deputatı Musa Quliyev “Soyqırımı iddiaları, Dağlıq Qarabağ problemi və dünya dövlətlərinin siyasəti” mövzusunda çıxış edərək ermənilərin törətdikləri soyqırımı aktlarını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Sonda konfrans iştirakçılarına bukletlər, “Qarabağ suallar-faktlar” və “Tarixi faktlar əsasında azərbaycanlıların soyqırımı” kitabları təqdim edilmişdir.