CƏMİYYƏT
“İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində üçüncü onlayn fənn olimpiadası başa çatmışdır
Bakı, 22 may (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İstedadların hazırlıq laboratoriyası” layihəsi çərçivəsində üçüncü fənn onlayn olimpiada turu başa çatmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən layihənin məqsədi yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılmasıdır. Riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Üçüncü fənn onlayn olimpiada turunda iştirakçılara fizika, kimya və riyaziyyat fənlərindən suallar təqdim olunmuşdur.
Olimpiada turunda 24 nəfər 7-10 bal toplamışdır.
Olimpiadanın finalı Bakı şəhərində keçiriləcəkdir. Finala qatılacaq iştirakçıların siyahısı istedad.az saytın “Fəxri otaq” bölməsində yerləşdiriləcək və bu iştirakçıların e-mail ünvanlarına rəsmi dəvət məktubu göndəriləcəkdir.