İQTİSADİYYAT
İstehlaka yararsız mallar məhv edilmişdir
Bakı, 26 yanvar (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xəzər rayonunda Vaqif Salayevə məxsus mağazada, “Ailə market”də, Xətai rayonunda “Mizan market”də, Rəhman İmanova, Mahir Quliyeva, Təşkilat Alıyevə, Qoşqar Quliyevə məxsus mağazalarda, Nəsimi rayonunda “24 saat”, “Anar” marketlərdə, Əliyusif Rzayevə, Nərimanov rayonunda Natiq Məmmədova məxsus mağazalarda, Nizami rayonunda “Emil”, “Evru” marketlərdə, Binəqədi rayonunda Mirbala Meybullayevə, Sumqayıt şəhərində Natəvan Məmmədovaya, Şəki şəhərində Qüdrət İlyasova, Bərdə şəhərində Orxan İbrahimova, Yunis Zərgərova, Gəncə şəhərində Nərminə Əsgərovaya, Şəmkir rayonunda Xəyal Məmmədova məxsus mağazalarda ümumi çəkisi 510 kiloqramdan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir. Bundan əlavə, qeyd olunan obyektlərdə malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunmuşdur.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.