İQTİSADİYYAT
İstehlaka yararsız məhsullar məhv edilmişdir
Bakı, 20 sentyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlər zamanı Bakının Sabunçu, Binəqədi, Xətai rayonlarında, eləcə də Sumqayıt, Tovuz, Bərdə, Xaçmaz, Füzulidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Ümumilikdə, monitorinqlər zamanı 270 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.