İQTİSADİYYAT
İstehlaka yararsız məhsullar məhv edilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlər zamanı Bakının Xəzər, Abşeron, Suraxanı rayonlarında, eləcə də Şəmkir, Samux, Sabirabad, Yevlax, Şirvan, Xaçmaz, Qusar, Şəki, Ağdamda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Ümumilikdə, monitorinqlər zamanı 650 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.