İQTİSADİYYAT
İstifadəyə yararsız mallar məhv edilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndələri ilə birlikdə Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən inzibati ərazidə istifadəyə yararsız mallar - aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, həmçinin keyfiyyətsiz tütün və alkoqollu içki məmulatlarının məhv edilməsini həyata keçirmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məhkəmə orqanlarının qərarları ilə müsadirə olunmuş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəylərinə əsasən istifadəyə yararsız hesab olunmuş 7 min 978,70 manat dəyərində 1.469 alkaqollu içki və 22 min 152,60 manat dəyərində 37 min 218 qutu tütün məmulatı “Təmiz şəhər” ASC-nin Balaxanı qəsəbəsində yerləşən məişət tullantılarının yandırılması üçün nəzərdə tutulmuş inzibati ərazisində məhv edilmişdir.