DÜNYA
İsveç prokurorluğu Culian Assanjın ekstradisiyası üçün sorğu göndərəcək
![İsveç prokurorluğu Culian Assanjın ekstradisiyası üçün sorğu göndərəcək](/files/2019/2/1200x630/15577436521789360518_1200x630.jpg)
Bakı, 13 may, AZƏRTAC
İsveç prokurorluğu “Wikileaks” portalının qurucusu Culian Assanjın ölkəyə ekstradisiyası üçün sorğu göndərəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə baş dairə prokurorunun müavini Yeva-Mariya Persson mətbuat konfransında deyib. “Biz Avropa həbs orderinə uyğun olaraq, Böyük Britaniyada Culian Assanjın cəzası başa çatdıqdan sonra onun İsveçə verilməsi üçün sorğu ilə müraciət edəcəyik”, - deyə Persson bildirib.
London məhkəməsi mayın 1-də girov müqabilində azadolunma şərtlərini pozduğuna görə “WikiLeaks” portalının qurucusu Culian Assanjı 50 həftəlik həbs cəzasına məhkum edib.
Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. Aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığı ilə Assanjı bu ölkənin səfirliyində həbs edib.